

Tədbir Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA)nın təşkilatçılığı ilə baş tutub və tələbə xanımların sahibkarlıq sahəsində biliklərinin artırılması, onların karyera planlaşdırma bacarıqlarının inkişafına dəstək göstərilməsi, həmçinin qadınların biznes mühitində rolunun təşviqi məqsədi daşıyıb.
Görüşdə çıxış edən universitetin prorektoru Aidə xanım bu cür təşəbbüslərin tələbələrin şəxsi və peşəkar inkişafında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, ali təhsil müəssisəsi olaraq tələbələrin təşəbbüskarlıq fəaliyyətinin dəstəklənməsi daim diqqət mərkəzində saxlanılır.
Tədbir çərçivəsində AQSİA-nın Protokol və Beynəlxalq Əlaqələr Şöbəsinin rəhbəri, Innovative Brands Group MMC-nin təsisçisi Günay Həsənli çıxış edərək assosiasiyanın fəaliyyəti, həyata keçirilən layihələr və gənclər üçün yaradılan imkanlar barədə ətraflı məlumat verib. O, qadınların sahibkarlıq fəaliyyətində fəal iştirakının əhəmiyyətini vurğulayaraq tələbələri bu istiqamətdə daha təşəbbüskar olmağa çağırıb.
Görüş qarşılıqlı müzakirələr şəraitində davam edib, iştirakçıların sualları cavablandırılıb və sonda təşəkkür nitqləri səsləndirilib. Bu kimi təşəbbüslər ali təhsil müəssisələri ilə qadın sahibkarlığı ekosistemi arasında əməkdaşlığın genişləndirilməsinə və gənc xanımların sosial-iqtisadi fəallığının artırılmasına mühüm töhfə verir.