Mingəçevir Dövlət Universitetinin koordinatorluğu ilə həyata keçirilən və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “ENGAGE” layihəsi çərçivəsində “Gələcəyini Qur Xanımlar: Sahibkarlıq və Karyera Yolunda İlk Addımlar” mövzusunda növbəti maarifləndirici görüş təşkil olunub.

  • Post category:Engage

Tədbir Bakı Biznes Universitetində, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA)nın təşəbbüsü və universitetin təşkilati dəstəyi ilə “Tələbə xanımlar üçün sahibkarlıq və karyera imkanları” mövzusunda keçirilib.

Görüşün əsas məqsədi ali təhsil müəssisələrində təhsil alan xanım tələbələrin sahibkarlıq fəaliyyəti və əmək bazarındakı imkanlar barədə məlumatlandırılması, qadın sahibkarların praktiki təcrübələrinin paylaşılması, eyni zamanda gənc xanımların təşəbbüskarlıq bacarıqlarının və karyera planlaşdırma potensialının inkişafına dəstək göstərilməsi olub.

Tədbiri açılış nitqi ilə Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov və AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva açaraq iştirakçıları salamlayıblar. Açılış çıxışlarında qadınların iqtisadi fəallığının artırılmasının əhəmiyyəti və bu istiqamətdə həyata keçirilən təşəbbüslər xüsusi vurğulanıb.

Daha sonra AQSİA-nın Protokol və Beynəlxalq Əlaqələr Şöbəsinin rəhbəri Günay Həsənli assosiasiyanın fəaliyyəti, məqsədləri və icra etdiyi layihələr haqqında ətraflı məlumat təqdim edib.

Tədbirin əsas hissəsində müxtəlif sahələrdə uğur qazanmış spikerlər öz bilik və təcrübələrini iştirakçılarla bölüşüblər:

  • Lamiyə Xəlilova – WILAT Azerbaijan İdarə Heyətinin sədri, AGTL-in Qadın sahibkarlarla iş üzrə Komitə sədri, gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi mövzusunda çıxış edib;
  • Sevda Əlizadə – “Məlhəm” Beynəlxalq Hospitalının direktoru, brendin formalaşma və inkişaf hekayəsini təqdim edib;
  • Rübabə Mürşüdova – “Qranit QP” MMC-nin təsisçisi və direktoru, qadınlar üçün qeyri-ənənəvi sahələrdə biznes qurmaqla bağlı təcrübəsini bölüşüb;
  • Aidə Qasımova – təşkilati məsləhətçi və icraçı kouç, biznes psixologiyası və şəxsi inkişaf istiqamətində çıxış edib.

Tədbirin sonunda sual–cavab və açıq müzakirə sessiyası keçirilib, tələbələri maraqlandıran suallar spikerlər tərəfindən cavablandırılıb. Görüş xatirə fotosunun çəkilməsi və yekun təşəkkür nitqləri ilə başa çatıb.

Qeyd edək ki, bu cür təşəbbüslər ali təhsil müəssisələri ilə qadın sahibkarlıq ekosistemi arasında əməkdaşlığın gücləndirilməsinə, həmçinin gənc xanımların sosial-iqtisadi fəallığının artırılmasına mühüm töhfə verir.