

Tədbir Gəncə Dövlət Universitetində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA)nın təşəbbüsü ilə keçirilib və gənc xanımların sahibkarlıq fəaliyyətinə cəlb olunması, onların karyera perspektivləri barədə məlumatlandırılması məqsədi daşıyıb.
Görüşün əsas məqsədi tələbə qızların biznes sahəsində bilik və bacarıqlarının artırılması, gələcək karyera hədəflərinin düzgün müəyyənləşdirilməsinə dəstək göstərilməsi, eləcə də qadınların iqtisadi fəallığının təşviqinə töhfə vermək olub.
Tədbirdə çıxış edən universitetin prorektoru Gülsüm xanım bu cür maarifləndirici görüşlərin tələbələrin peşəkar formalaşmasında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, ali təhsil müəssisəsi olaraq tələbələrin innovativ ideyalarının və təşəbbüslərinin dəstəklənməsi prioritet istiqamətlərdəndir.
Daha sonra AQSİA-nın Protokol və Beynəlxalq Əlaqələr Şöbəsinin rəhbəri, Innovative Brands Group MMC-nin təsisçisi Günay Həsənli çıxış edərək assosiasiyanın həyata keçirdiyi layihələr, beynəlxalq əməkdaşlıqlar və gənclər üçün yaradılan imkanlar haqqında ətraflı məlumat verib. O, tələbə qızları sahibkarlıq fəaliyyətində daha fəal olmağa, öz ideyalarını reallaşdırmaqdan çəkinməməyə çağırıb və uğurlu biznes quruculuğunda davamlı inkişafın vacibliyini diqqətə çatdırıb.
Görüş iştirakçıların marağı ilə qarşılanıb və qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib. Tədbir çərçivəsində tələbələri maraqlandıran suallar cavablandırılıb, sonda isə təşəkkür nitqləri səsləndirilib.
Qeyd edək ki, bu kimi təşəbbüslər ali təhsil müəssisələri ilə qadın sahibkarlığı ekosistemi arasında əməkdaşlığın genişləndirilməsinə və gənc xanımların sosial-iqtisadi fəallığının artırılmasına mühüm töhfə verir.