Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsi çərçivəsində növbəti təlimlərə start verilib. 28 avqust – 01 sentyabr tarixlərini əhatə edən təlimlər Estoniyanın Tallin Texnologiya Universitetində (TalTech) keçirilir.
Təlim səfərində ENGAGE layihəsində təmsil olunan 11 Azərbaycan universitetinin rektorları, prorektorları, inzibati və akademik heyət üzvləri iştirak edirlər.
Səfərin əsas məqsədi Estoniyanın aparıcı ali təhsil müəssisələrindən biri olan TalTech-in sahibkarlıq təhsili sahəsindəki qabaqcıl təcrübəsinin öyrənilməsindən ibarətdir.
Təlimlər çərçivəsində sahibkarlıq təhsili, universitet-sənaye əməkdaşlığı, Estoniyanın startap ekosistemi, rəqəmsallaşma, elektron idarəetmə və digər mövzularda seminarların keçirilməsi, nümayəndə heyətinin TalTech İnnovasiya və Biznes Mərkəzini, universitetin müvafiq laboratoriyalarını və Estoniyanın ən böyük startapını ziyarət etməsi nəzərdə tutulub.
Təlimlərin açılışında çıxış edən TalTech-in rektoru Tiit Land qonaqları salamlayıb, rəhbərlik etdiyi universitet haqqında ətraflı məlumat verib və təcrübə mübadiləsinin faydalı olacağına əminliyini bildirib.
Giriş nitqi söyləyən MDU-nun rektoru Şahin Bayramov TalTech-in rəhbərliyinə və müvafiq əməkdaşlarına Azərbaycan nümayəndə heyəti adından təşəkkür edib, ENGAGE layihəsi barədə məlumat verib, layihə çərçivəsində həyata keçiriləcək tədbirlərdən əsas gözləntiləri diqqətə çatdırıb.
Təlimlərdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov və digərləri fəal iştirak edirlər.
Qeyd edək ki, ENGAGE layihəsi çərçivəsində ilk təlimlər cari ilin 21-25 avqust tarixlərində İsveçin KTH Kral Texnologiya Universitetində keçirilib.
Məlumat verildiyi kimi, MDU Azərbaycanda koordinator statusunda Erasmus+ layihəsinin qalibi olan ilk region universitetidir. 36 ay müddətində reallaşdırılacaq layihənin əsas məqsədi Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi, akademik heyətin və tələbələrin sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi, universitetlərimizdə innovativ yanaşmanın təkmilləşdirilməsi, tədris prosesinin məzmununda praktiki komponentlərin artırılması, startap fəaliyyətlərinin və universitet–sənaye əməkdaşlığının genişləndirilməsidir.